10.03.2022 03:50

Bakı Limanı və Avropa İttifaqının birgə layihəsi yaşıl və ağıllı liman kompleksi yaratmaqla davamlı inkişaf məqsədlərinə və regionda inklüziv iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır

   Avropa İttifaqının Bakı Limanı ilə birgə həyata keçirdiyi “Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsi 2016-cı ilin noyabrından etibarən həyata keçirilir və cari ildə 2020-ci ildən icra olunan layhənin ikinci fazası da artıq uğurla başa çatmışdır.

   Bu məqsədlə 10 mart 2022-ci il tarixdə “Hyatt Regency Baku” otelində Bakı Limanın, Avropa İttifaqının, dövlət və beynəlxalq təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda qeyd olunan layihənin bağlanış mərasimi təşkil olunmuşdur.

   Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş  direktoru Taleh Ziyadov və Avropa İttifaqının  Azərbaycandakı Nümayəndəliyinin Birinci konsulu, Əməkdaşlıq üzrə rəhbəri Viktor Bojkov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov açılış nitqi ilə çıxış edərək layihənin strateji məqsədləri və gələcək perspektivlər haqqında iştirakçıları məlumatlandırıblar.

   Layihənin əsas məqsədi 2020-2022-ci illər üzrə Bakı Limanın strateji planı və Yaşıl Liman konsepsiyasının həyata keçirilməsində Limanın imkanlarının genişləndirmək olmuşdur. Layihə çərçivəsində həmçinin, yeni beynəlxalq sertifikatların əldə olunması, biznes proseslərinin optimallaşdırılması üçün liman əməliyyatlarının, o cümlədən insan resursları sisteminin rəqəmsallaşdırılması, ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı və Orta Dəhliz boyunca bütün təchizat zəncirini birləşdirmək üçün rəqəmsal platformanın genişləndirilməsi istiqamətində mühüm işlər aparılmışdır.

   Eyni zamanda, layihənin nəticəsi olaraq Bakı Limanı yenidən ISO 14001:2015 sertifikatı əldə etmişdir. Bu sertifikat ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin aparılmasını özündə ehtiva edir. Bununla yanaşı, Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) "EcoPorts" sertifikatına layiq görülüb və ötən il layihə çərçivəsində bu resertifikasiyadan da Bakı Limanı uğurla keçib. Beləliklə, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb.

   Layihənin bağlanış mərasimində həmçinin Bakı Limanının Təlim Mərkəzi və Barselona Limanının Təlim Mərkəzi arasında Anlaşma memorandumu imzalandı. Məqsəd Bakı Limanının Təlim Mərkəzinin regional port və logistika üzrə təlim mərkəzinə çevrilməsi istiqamətində institusional inkişaf strategiyasının həyata keçirilməsidir. Hər iki limanın təlim mərkəzi birgə sinergiya yaradaraq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına mühüm töhfə verəcəkdir.