16.03.2022 06:47

Bakı Limanı biznes tərəfdaşları ilə regional logistika və təchizat zənciri sahələrində əməkdaşlıq imkanlarını genişləndirir

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) rəhbərliyi ilə Bakı Limanın tərəfdaşı olan biznes şirkətlərinin rəhbərləri və nümayəndələri arasında işgüzar görüş təşkil olunub.
Görüşün məqsədi limanımızın tərəfdaşlıq etdiyi şirkət və müəssisələr ilə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndilməsi, limanın xidmətləri və fəaliyyəti, həmçinin qlobal çağırışlar və fürsətlər haqqında birgə fikir mübadiləsinin aparılması olub.
Bakı Limanın Ələt ofisində təşkil olunan görüşdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov Limanın regionun logistika və nəqliyyat üzrə ən müasir mərkəzi olmaq strategiyası ilə aparılan fəaliyyətlər, əldə edilən uğurlar, regionda yaranan yeni imkanlar və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib.
Eyni zamanda, görüş imkanından istifadə edərək nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin fikirləri və onları narahat edən məsələlər də dinlənilib, Limanın mövcud xidmət və imkanlarının təkmilləşdirilməsi istiqamətində birgə müzakirələr aparılıb.
Limanın biznes əməliyyatlarının və tərəfdaşlıq strategiyasının daha da inkişafı üçün belə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.