17.08.2022 02:55

Bakı Limanı vasitəsilə daşınan quru yükün həcmində 15,7 % artım var

Bakı Limanının texniki imkanları, müasir logistik həllərin tətbiqi ilə yükaşırmada operativliyin təmini, yük sahibləri üçün yaradılan rahat şərait və bunun kimi bir çox amillərə əsasən limana cəlb edilən yükün həcmi intensiv şəkildə artır. Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcminin artımı ilə yanaşı, ayrı-ayrı yük növləri üzrə də artım qeydə alınır. Əgər ötən ilin ilk yarısında Bakı Limanı vasitəsilə 576 min tondan çox quru yük daşınmışdısa, bu ilin ilk yarısında bu göstərici 666 min tondan çox olub ki, bu da 15,7 % lik artım deməkdir. Belə ki, bu ilin sonuna kimi də artımın davamlı olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Bakı Limanı vasitəsilə daşınan quru yükün əsas hissəsini Mərkəzi Asiya ölkələrindən Gürcüstan, Türkiyə və bir sıra Avropa ölkələrinə göndərilən gübrə məhsulları təşkil edir. Eyni zamanda, hazırda Bakı Limanında illik yükaşırma gücü 2,5 milyon ton Gübrə terminalının da tikintisi həyata keçirilir ki, bu terminalın da fəaliyyətə başlaması ilə ölkəmizdən tranzit keçməklə daşınan gübrə məhsullarının həcmində əhəmiyyətli dərəcədə artımın olacağı proqnozlaşdırılır.

92edited 18:23