Port of Baku

Xəbərlər və Nəşrlər

Bakıda aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt ATZ-nin yaradılması ilə bağlı “DP World” tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib

Bakıda aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt ATZ-nin yaradılması ilə bağlı “DP World” tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib

May 23, 2017

23 May tarixində Bakıda aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət, Birləşmiş Ərəb Əmirliklərinin “DP World” tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri buna əyani misallardır. Ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aprel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu il fevralın 28-də isə Pekində “Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Limanın ölkə iqtisadiyyatında əhəmiyyəti, tranzit potensialının artırılması imkanları barədə məlumat verərək bildirib ki, "Sentyabr ayında imzalanmış müqaviləyə əsasən 3 istiqamətdə təqdimat aparılır. Birincisi ATZ-in tənzimlənən hüquqi rejimindən söhbət gedir. Vahid qanun layihəsi hazırlanıb və hazırda bunun təqdimatı keçirilir. İkincisi bu zonanın texniki əsaslandırılmasdır ki, burada ATZ-in Azərbaycanın iqtisadiyyatı üçün verəcəyi töhfələrin nələrdən ibarət olacağı göstərilir. Üçüncüsü isə Baş Plandır ki, bu da inkişaf modelinin necə olmasını, 5-10 il sonra hansı istiqamətlərdə genişlənmə olacağını göstərir. Hər üç istiqamətdə dövlət qurumlarının təmsilçiləri müzakirələr aparır. Qarşıdaki 20 il üçün nəzərdə tutulan proqnozlara əsasən ÜDM-də toplam olaraq 57 milyard dollarlıq bir artım nəzərdə tutulub. ATZ hüquqi rejim qəbul olunduqdan sonra parlaq gələcəyi olan bir layihədir. Bir sözlə, Yeni Bakı Limanı və Azad Ticarət Zonası “Şimal-Cənub” və “Şərq-Qərb” Nəqliyyat Dəhlizlərini daha inkişaf etmiş bir mərhələyə çıxaracaq."
 

Sonra “Economic Zones World FZE” şirkəti tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbirdə “Azad zonalar haqqında” Qanun layihəsi, beynəlxalq təcrübə üzrə müqayisəli təhlil, Tənzimləmə və Əməliyyat Modeli, Baş Planının təsviri konsepsiyası və s. barədə hesabat təqdim edilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
 

Qeyd edək ki, əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin bu üstünlüyündən səmərəli istifadə olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən strateji qararlar qəbul edilib, Azərbaycanın dünyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi inkişaf etdirilməsi məqsədilə transmilli layihələr icra edilib və ya edilir. Bu istiqamətdə mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasıdır.
 

Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli Sərəncamından irəli gələn məsələlərin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət başçısının Sərəncamına uyğun olaraq, ötən il İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanıb. “Economic Zones World FZE” şirkəti yüksək peşəkarlıq səviyyəsinə və azad zonalarının yaradılması sahəsində böyük təcrübəyə malik olan tanınmış şirkətdir. Həmçinin layihənin icrası üzrə işlərin əlaqələndirilməsi üçün işçi qrup yaradılıb.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz