Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

Nov 24, 2017

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və digər ölkə rəsmilərinin çıxışlarından sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı qısa film nümayiş olundu. Filmdə layihənin icrasına başlandığı vaxtdan görülən işlər, onun texniki-iqtisadi əhəmiyyəti, region və dünya üçün önəmi haqqında danışıldı.

Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.

Qeyd etmək istərdik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bu isə regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Belə ki, bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki dəfəyədək azalacaq.

Bununla da Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Bu, həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz