Mayın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında
"açıq qapı" günü formatında "Port Festival 2019" başlayıb.
Xəzər dənizi regionunda ilk dəfə bu formatda keçirilən tədbirdə Bakı və Şirvan
şəhərləri, Qaradağ, Salyan, Hacıqabul, Sabirabad, Neftçala rayon sakinləri, məktəbli
və yeniyetmələr iştirak edir, yeni və müasir standartlara uyğun inşa edilən limanla
tanış olmaq imkanı qazanırlar. Tədbirdə nəqliyyat və logistika sahəsində fəaliyyət
göstərən dövlət və özəl şirkətləri, Azərbaycanda akkreditə olunmuş diplomatlar,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd
edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun müasir dünya standartlarına
uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı
təşəbbüslər nəticəsində 2018-ci il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə
açılışı olan yeni Bakı Limanı Xəzər dənizinin ən böyük limanlarından biridir. Hazırda
liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına
çevrilməkdədir, dünyanın aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə faydalı
əməkdaşlıq qurmaqdadır.
T.Ziyadovun sözlərinə görə, yeni Bakı Limanında müasir dünya standartlarına uyğun
yaradılan infrastruktur, görülən işlərin ölkəmizə, o cümlədən ətraf rayon və
qəsəbələrdə yaşayan əhalinin sosial rifahına göstərəcəyi müsbət təsirindən, əlavə iş
yerlərinin açılması və görülmüş digər tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından
"Port Festival"ın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Port Festival" dünyanın bütün iri liman şəhərlərində keçirilir. Yeni Bakı Limanında
təşkil olunan festivalda 5 mindən çox insanın iştirak etməsi və hər il keçirilməsi
nəzərdə tutulur.
Daha sonra festivala qatılan dövlət və özəl qurumların, səfirliklərin stendləri ilə
tanışlıq olub.
Festival zamanı tədbirin müxtəlif tərəfdaşları həm uşaqlar, həm də böyüklər üçün
müxtəlif əyləncəli və öyrədici oyunlar təşkil edib. Rəngarəng proqramı olan festivalda
mini qolf və mini futbol meydançaları, ilkin tibbi yardım təlimi, robot şou, virtual
reallıq kabinələri, ölkəmizin istedadlı gəncləri tərəfindən konteynerlərin üstündə
qrafiti şou, fləşmoblar, şahmat oyunları, azyaşlılar üçün oyun meydançası, liman
avadanlıqlarının sərgisi təşkil edilib.
Maraqlı hissələrdən biri isə Dövlət Sərhəd Xidmətinin helikopterinin liman
akvatoriyasında xilasetmə əməliyyatının, Fövqəladə Hallar Nazirliyinin xilasetmə
kater və avadanlıqlarının nümayişi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə
məxsus gəmi ilə gəzintinin təşkil edilməsi olub. Eyni zamanda, liman əməkdaşları
tərəfindən Bakı Limanının texniki və əməliyyat imkanları nümayiş etdirilib.