24.09.2020 02:11

Bakı Limanı Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinara qatılıb

Bakı Limanı “Blue Dot Network”un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinara qatılıb.
 
ABŞ-da fəaliyyət göstərən diplomatik missiyalar, Avropa Yenidənquma və İnkişaf Bankı (AYİB), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Astana Beynəlxalq Maliyyə Mərkəzi və digər özəl və dövlət qurumların qatıldığı online vebinarın təşkilatçısı ABŞ-da fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi (XSM) olmuşdur. Tədbirin açılışı zamanı iştirakçıları salamlayan XSM-in icraçı direktoru Əfqan Nifti Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğuluyub. Vebinarda həmçinin USAID-in böyük məsləhətçisi Kauş Arha, ABŞ-ın Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının icraçı direktorunun baş müşaviri Kaleb Makkari, Avropa Yenidənqurma və İnkişaf Bankının ABŞ-dan icraçı direktoru Stiven Daud, və s. kimi şəxslər iştirak ediblər.
 
Bakı Limanın Baş direktoru Taleh Ziyadov iştirakçıların diqqətinə Avropa və Asiya arasında ən təhlükəsiz və eyni zamanda da qısa yol olan Orta Dəhlizin (Middle Corridor) vacibliyini çatdırıb. Mövcud pandemiya zamanı dünya logistika xəritəsində məhz bu dəhlizin qlobal səviyyədə əhəmiyyətinin daha da artığını, bir çox digər dəhlizlərində müxtəlif məhdudiyyətlər tətbiq olunsa da, yüklərin daşınması zamanı məhz Orta Dəhlizin Avropa ilə Çin arasında ən etibarlı yol olduğunu bildirdi: “Bunun bariz nümunəsi olaraq bu ilin ilk 8 ayı ərzində statistik göstərcilərdəki artımı göstərmək olar. Belə ki, ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur.”
 
Tədbir iştirakçılarına COVID19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində limanda görülən işlər barədə də ətraflı məlumat verən Taleh Ziyadov bildirib ki, liman sərt karantin rejimində belə məhdudiyyətsiz və tam gücü ilə fəaliyyətini davam etdirir. Əməkdaşların və liman istifadəçilərinin sağlamlığının ən vacib amillərdən biri olduğunu vurğulayan Baş direktor Bakı Limanına gələn TIR sürücülərinin, həm “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunduğunu qeyd etdi. Test cavabları çıxana qədər sürücülərin müvəqqəti saxlanma zonasında gözləməsi və daha sonra yalnız nəticələr mənfi çıxdığı halda steril zonalara yola salınmaları barədə də məlumat verib. Qeyd olunub ki, Bakı Limanının COVID-19 pandemiyası ilə mübarizə təcrübəsi Türkmənistan və Qazaxıstan limanlarının da marağına səbəb olub və bu istiqamətdə həmkarlarla təcrübə mübadilə aparılıb.
 
2020-ci ilin 18 mart tarixindən etibarən 7 ay ərzində liman ərazisində xarici TIR sürücüləri, əməkdaşlar və digər liman istifadəçilər də daxil olmaqla ümumilikdə təxminən 16200 şəxs test olunub. Eyni zamanda 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra KurıkLimanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253 Qazaxıstan vətəndaşı və 193 xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb.
Görüşün sonunda Baş direktor Taleh Ziyadov vebinar iştirakçılarını suallarını cavablandırıb.

 

E-Bilet