15.10.2020 16:32

2020-ci ilin 9 ayı üzrə Bakı Limanında yükaşırma 19 faiz artıb

(Bakı, 15 oktyabr 2020-ci il) – Cari ilin 9 ayı üzrə (yanvar-sentyabr ayları) Bakı Limanında bütün xidmətlər üzrə nəzərə çarpacaq artım müşahidə olunub. Ümumi yükaşırmanın həcmi 3.5 milyon tondan çox olubdur ki, bu da 2019-ci ilin müvafiq göstəricisindən (3 milyon ton) təxminən 19% çoxdur. Ümumi yükaşırmanın əsas hissəsi ənənəvi olaraq tranzit yüklərin payına düşüb (3.1 milyon ton və ya 87.7%-i).

Ən ciddi yük artımı quru yüklərin aşırılmasında qeydə alınıbdır. Belə ki, quru yük terminalında 2020-ci ilin 9 ayı üzrə aşırılan yüklərin həcmi tarixi 3.5 dəfə artaraq 505.8 min ton təşkil edib.

 Qeyd olunan dövrdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı keçən ilin müvafiq dövrünə nisbətən 30.2% artaraq 32 191 ədəd olub. Belə ki, bunlardan 19 694 ədədi (61.2%) Bakı-Türkmənbaşı-Bakı, 12 497 ədədi isə (38.8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edibdir.

Hesabat dövründə konteynerlərin 24 faiz artım qeydə alınmışdır. Belə ki, TEU ekvivalentində 30 210 sayda konteyner aşırılmışdır (2019-cu ilin 9 ayında 24 307 TEU). Xatırladaq ki, Bakı-Aktau-Bakı istiqaməti üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində xüsusi konteyner daşıyan gəmilərin (feeder ships) xidmətə başlaması ilə cari ilin ilk 9 ayı ərzində 2.9 dəfə artım qeydə alınmış və 9 951 TEU təşkil etmişdir (2019-cu ilin müvafiq dövründə 3 458 TEU). Bakı-Türkmənbaşı-Bakı istiqamətində isə konteynerlərin aşırılmasında cari ilin ilk 9 ayı ərzində 90% artım müşahidə edilmiş və 13 694 ədədə çatmışdır (2019-cu ilin müvafiq dövründə 7 204 TEU). Digər konteyner aşırılması bərə terminalı vasitəsi ilə həyata keçirilmişdir.

Bildirmək istərdik ki, 2019-cu ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən sərnişin daşınmada azalma yaranıbdır. Nəticədə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin sayında 36% azalma qeydə alınıb və 21 867 nəfər təşkil edib.

E-Bilet