17.11.2020 15:18

Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olublar

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

- Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb.

Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın

Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl şəhərinə səfəri zamanı söyləyib.

Eyni zamanda, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib.

- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. 

Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular.

E-Bilet