18.07.2021 17:48

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Bakı Limanının imkanları barədə təqdimat olunub

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Bakı Limanının imkanları barədə təqdimat olunubdur
 
(18 iyul, 2021) - Ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin imkanları barədə təqdimat keçirilib. Avropa Ittifaqı Şurasının Prezidentinə məlumat verilib ki, müasir infrastrukturu, yükaşırma qabiliyyəti və yerləşmə mövqeyinə görə Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat məntəqəsi rolunu oynayır, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor - Orta Dəhliz) inkişafı və təşviqində fəal rol oynayır.
 
Bakı Limanının Baş direktor Taleh Ziyadov vurğulayıb ki, Liman Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir və 2016-c ildən bu günə kimi 5 TAIEX və 2 uzunmüddətli texniki yardım layihələri icra olunubdur. Bu çərçivədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, Limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi aparılmaqdadır. Baş direktor xüsusilə Yaşıl Liman və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyünü qeyd edərək bu əməkdaşlıqın bundan sonra davam edəcəyinə ümidvar olduğunu bildirib.
 
2019-cu ildə Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının “EcoPorts” sertifikatına layiq görülüb və Xəzərin ilk “Yaşıl Liman” statusu qazanıb. Bununla da liman Avropada belə status almış 26 limandan biri olub.
 
Həmçinin Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə “Orta Dəhliz” vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıb. Sənədə əsasən Hollanadiyanın regional qovşaq funksiyasını yerinə yetirən Venlo şəhərindən İstanbul, Bakı daha sonra isə Orta Asiya və Çinə yüklər daşınacaq.
 
Taleh Ziyadov Bakı Limanının Avropa şirkətləri ilə təhsil və təcrübə mübadiləsi sahəsində iş birliyinin qurulduğunu bildirib. Qeyd olunub ki, Belçikanın Antverp Limanının “APEC Liman Təlim Mərkəzi”, Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memoranduma əsasən Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahədə çalışmaq istəyən şəxslər qeyd olunan ölkələrdə qısa və uzun müddətli təlim-tədris proqramına cəlb ediləcəklər.
 
Prezentasiyanın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sualları cavablandırıldı.