08.02.2022 23:44

Bakı Limanında 2021-ci il üzrə ümumi yükaşırmanın həcmi 14,6% artıb

Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib.

 Müşahidə olunan yük həcminin artımı Azərbaycanın tranzit mövqeyinin regionda möhkəmlənməsinin və xüsusən də, konteynerləşmiş yüklərin artımı Azərbaycan üzərindən keçən dəhlizlərin beynəlxalq logistikaya inteqrasiyasının göstəricisi kimi qiymətləndirilə bilər.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 5,6 milyon ton olubdur ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 14,6% çoxdur. Ümumi yükaşırmanın 5,1 milyon tondan çox və ya 92,7%-lik hissəsi tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə olan marağının nəticəsidir.

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri quru yükün aşırılmasında qeydə alınıb. Beləki, 2020-ci ildə Bakı Limanı vasitəsilə 711 min tondan çox quru yük aşırılmışdısa, ötən il bu göstərici 66% artaraq, 1 milyon 183 min tondan çox olub. (infoqrafika 2).

 Aşırılan konteynerlərin sayında isə 11,6% artım qeydə alınıb və TEU ekvivalentində 45 025 ədəd konteynerə çatıb .

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində müşahidə edilib. 2021-ci ildə aşırılan neft və neft məhsullarının həcmi 2020-ci ilə nisbətən 2,3 dəfə artaraq 1,1 milyon tondan çox olub.

Qeyd edək ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmaların davam etməsi beynəlxalq nəqliyyat xətləri üzrə hərəkət istiqamətlərində müəyyən dəyişikliklərə səbəb olub. Belə ki, hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub. Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Eyni zamanda, Bərə terminalında vaqon aşırılmasında 18,7% azalma müşahidə edilib. Ötən il Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib. Qeyd olunmalıdır ki, 2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə  alınıb. Yuxarıda qeyd edilən sahələr üzrə faiz göstəricilərində müəyyən azalma qeydə alınsa da, ümumi yükaşırmanın həcmində müsbət tendensiya davam edib.  

Ümumilikdə 2021-ci ildə Bakı Limanında qeydə alınan nəticələr müsbət qiymətləndirilir, ötən il üçün əvvəlcədən müəyyənləşdirilən proqnoz 104% həcmində icra edilib. Bakı Limanının yükaşırma həcminin artması bilavasitə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi daxili məhsulunun artması kimi səciyyələndirilir və Azərbaycanın regionda trans-logistika mərkəzi kimi mövqeyni möhkəmləndirir.