15.04.2022 06:54

Özbəkistanın Azərbaycandakı səfiri cənab Bəhram Əşrəfxanov: “Bakı limanı mühüm inkişaf yolu keçmişdir, bu bizi sevindirir”

Bu gün cənab səfir Əşrəfxanov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) qonağı olub. Görüş zamanı Bakı Limanın Baş direktoru Taleh Ziyadov, limanda olan yeniliklər və aparılan işlərlə qonağı yaxından tanış etdi. Həmçinin, Bakı Limanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda tutuğu mühüm rol və logistika sahəsində limanın biznes tərəfdaşlarının maksimal dərəcədə effektiv işləməsi məqsədilə aparılan fəaliyyətlər barədə məlumat verdi.

Cənab səfir Əşrəfxanov bildirdi ki, Bakı Limanı qısa müddət ərzində uğurlu inkişaf yolu keçib və səfirlik Bakı limanı ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlıdır.

Görüşdə, beynəlxalq və multimodal nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın gücləndirilməsi ilə sürətli və kombinə edilmiş yükdaşımaların həcminin daha da artmasına mühüm imkanlar yaradacağı da vurğulandı.

Qeyd edək ki, cənab səfir Əşrəfxanov Özbəkistanın Azərbaycandakı səfiri təyin olunduqdan sonra ölkə daxili ilk səfərlərindən birini 2020-ci ilin avqust ayında Ələtə Bakı Limanına edərək limanın fəaliyyəti ilə yaxından tanış olmuşdu.