05.07.2022 10:52

AQEM və Bakı Limanı rəqəmsal inkişaf, məlumat mübadiləsi və yaşıl öyrənmənin təşviqi sahəsində birgə regional layihələrin təşkilində əməkdaşlıq edəcəklər

Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru, səfir Kairat Sarybayın rəhbərlik etdiyi beynəlxalq nümayəndə heyəti Bakı Limanına səfər edib və limanın rəhbərliyi və nümayəndələri ilə görüşüb. Səfərin məqsədi qlobal inteqrasiyanın əsas sütunu kimi davamlı təchizat zəncirini yaratmaqla regional əlaqələri daha da gücləndirəcək yeni perspektivləri müzakirə etmək olub.
Qonaqları Limanın Baş direktoru Taleh Ziyadov salamlayaraq qeyd etdi ki, limanın strategiyasının əsas məqsədlərindən biri də regionda dayanıqlı iqtisadi artıma nail olmaq üçün ətraf limanların və nəqliyyat şəbəkələrinin sinxron inkişafının təmin olunmasına dəstək olmaqdır.
Səfir Sarıbay da öz növbəsində bildirib ki, Bakı Limanı dialoq və əməkdaşlıq baxımından regionda nümunəvi modeldir. O, xüsusilə vurğuladı ki, AQEM regional əlaqəni artırmaq və dayanıqlı logistikanı dəstəkləməklə regionda dənizə çıxışı olmayan ölkələr arasında ticarət və iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır.
Görüş zamanı həmçinin qeyd olunub ki, “Orta Dəhliz” “Kəmər və Yol”un etibarlı və təhlükəsiz nəqliyyat marşrutuna çevrilir və Bakı Limanı da bu marşrutun əsas hissələrindən biri kimi Asiya ilə Avropanın birləşdirilməsində rolu artır. Eyni zamanda, qərara alınıb ki, AQEM və Bakı Limanı rəqəmsal inteqrasiya, məlumat mübadiləsi və davamlı inkişafın təbliği sahəsində birgə regional layihələrin icra olunmasında tərəfdaşlıq etsinlər.