08.07.2022 21:55

Bakı Limanının 120 illiyinə həsr olunan stolüstü tennis birinciliyində liman əməkdaşları yarışıb

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), Azərbaycan Stolüstü Tennis Federasiyası və “Limançı” Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Limanının 120 illiyinə həsr olunan stolüstü tennis birinciliyinə yekun vurulub.
Bakı Limanının əməkdaşları arasında keçirilən oyunlarda 74 limançı yarışıb. Qadın və kişilərin ayrı-ayrılıqda bacarıqlarını sınadığı yarışların final mərhələsində 8 kişi, 4 xanım əməkdaş mübarizə aparıb. Stolüstü Tennis Federasiyasının böyük zalında keçirilən oyunlar beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilib. 
Bakı Limanın  ümumi yüklər terminalının kran operatoru, Əli Həsənov kişilər arasında qalib gələrək birinci yerə sahib olub, limanın marketinq və satış departamentinin aparıcı mütəxəssisi Kəmalə Haqverdiyeva isə qadınlar arasında birinciliyi qazanıb. 
Çempionatda ilk üç yeri tutan kişi və qadın iştirakçılara fəxri fərman, maliyyə mükafatı və hədiyyələr təqdim edilib. Digər iştirak edən əməkdaşlar da fəal iştirakına görə mükafatlandırılıb. 
Qeyd edək ki, işçilərin asudə vaxtının səmərəli təşkili üçün Bakı Limanının ərazisində müxtəlif idman növləri ilə məşğul olmaq üçün avadanlıqlar və imkanlar mövcuddur. Limançıların sağlam həyat tərzinə və müxtəlif idman növlərinə olan maraqlarını nəzərə alaraq gələcəkdə bu formada yarışların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.