15.08.2022 09:57

Bu gün Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib

Səfər çərçivəsində Ələtdə Bakı Limanın rəhbərliyi ilə Qırğızıstan nümayəndə heyətinin görüşü keçirilib və limanın fəaliyyəti ilə tanış olaraq iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsində Bakı Limanın rolu, gələcək planlar və regionda olan yeni imkanlar barəsində müzakirələr aparılıb.
Cənab Bakıt Torobayev regionda tranzit yükdaşınmasının inkişaf etdirilməsi üçün Bakı Limanın imkanlarından istifadə olunmasının əhəmiyyətini xüsusi vurğuladı. Həmçinin qeyd etdi ki, Bakı Limanının regional logistik mərkəzə çevrilməsindəki təcrübəsi öyrəniləcək və bu istiqamətdə aidiyyəti qurumlar arasında lazımi əlaqələndirmə işləri aparılacaqdır.
Qeyd edək ki, Bakı Limanının Qırğızıstan üzrə yükaşırma həcmi artmağa davam edir. Təkcə bu ilin ilk 7 ayında bu göstərici 149 min tona yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78 % artım deməkdir.
Qırğızıstan Respublikası nümayəndə heyəti hər iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak etmək üçün Bakıda səfərdədilər. Nümayəndə heyətinin tərkibində həmçinin Kairat Osmonaliyev, Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aybek Beyşeeviç, Qırğızıstan Respublikası xarici işlər nazirinin müavini Almaz Turgunbayev, Qırğızıstan Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini Aidarbek Mambetkadyrov, Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Samat Şatmanov, Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini və Qırğızıstan hökumətinin digər rəsmi şəxsləri iştirak edir.