21.02.2020
Bakı Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə Anlaşma Memorandumu imzalayıb.
21 fevral tarixində Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində Bakı Limanı ilə Trieste və Qenuya limanları arasında Anlaşma Memorandumu imzalanıbdır.
İmzalanan sənədlərə əsasən limanlar Çinlə Avropa arasında mövcud olan ticarət dövriyyəsindən birgə bəhrələnəcəklər, innovasiyaların, qabaqcıl texnologiyaların, əməliyyat məsələləri üzrə biliklərin mübadiləsini həyata keçirəcəklər.
Məlumat üçün bildirmək istərdik ki, İtaliyanın ən böyük limanı sayılan Trieste limanı, Çin, Uzaq Şərq, Sinqapur və Malayziya kimi ölkələr üçün Avropanın giriş qapısı sayılır. Hər ay buradan 400 qatarla Almaniya, Avstriya, Çexiya, Macarıstan və İsveçrəyə yüklər daşınır. Trieste limanının illik yük dövriyyəsi 70 milyon tona yaxındır.
Həmçinin, Qenuya limanı da İtaliyanın ən qədim limanlarından biridir və Avropa ilə Çin arasında ticarət əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Keçən il liman 3 milyon TEU konteyner aşırıb və 5 milyona yaxın sərnişinə xidmət göstərib.