06.12.2022

Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə vermək üçün BMT-nin Qlobal Sazişinə qoşulub

Apple-converted-space">     “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul edildiyini elan edir. Hazırda 18 dəniz limanı və liman idarəçiliyi şirkətini bir araya gətirən bu sazişə Bakı Limanının da qoşulması barədə qərar, BMT-nin Baş Katibinin müavini və BMT-nin Qlobal Sazişinin icraçı direktoru xanım Sanda Ojiambonın Bakı Limanına ünvanladığı məktubla elan edilib. Məktubda xanım Ojiambo, Bakı Limanını Sazişə qəbul edilməsi münasibəti ilə təbrik edib, həmçinin Bakı Limanın BMT-nin Qlobal Sazişinin universal prinsipini qəbul edərək qlobal iqtisadiyyata, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə vermək üçün həyata keçirdiyi fəaliyyətlərə BMT sisteminin dəstəyini vurğulayıb.

         Regionun logistika və nəqliyyat qovşağı olan Bakı Limanı, öz əməliyyat prinsiplərini DİM prinsiplərinə  uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır. Limanın strateji fəaliyyətləri 17 DİM-dən 11-ə töhfə vermək məqsədi daşıyır və bu fəaliyyətlər də limanın missiya bəyanatına və icra planlarına öncədən daxil edilib.

         BMT-nin Qlobal Sazişinə qoşulmazdan əvvəl Bakı Limanının rəqəmsallaşma, əməliyyat səmərəliliyi və davamlı inkişaf üçün nümunəvi həllərin həyata keçirilməsində əldə etdiyi nailiyyətlər müxtəlif tanınmış beynəlxalq qurumlar tərəfindən də dəstəklənib. Xüsusən də, Bakı Limanı regionda “Sıfır Emissiyalı 2035 İqlim Dəyişikliyi Fəaliyyət Planı”nı hazırlayan ilk limandır (EcoPort) və 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının “EcoPorts sertifikatı”na layiq görülüb, 2021-ci ildə isə “EcoPorts sertifikatı” yenidən ratifikasiya olunub.

        Bakı Limanının bu cür yaşıl təşəbbüsləri, Xəzər regionunun limanları arasında ekoloji maarifləndirməni təşviq edir və Azərbaycanın davamlı inkişaf hədəflərinə daha tez çatmasına dəstək olur. Bakı Limanı, BMT-nin Qlobal Sazişinə qoşulmaqla beynəlxalq dəhlizləri yaşıl, davamlı, dayanıqlı etmək, bu istiqamətlərdə strategiya və fəaliyyətləri müəyyən etmək üçün BMT-nin ixtisaslaşmış qurumları ilə daha sıx əməkdaşlıq edəcək. Bu təşəbbüsün Bakı Limanın qlobal əlaqələrini yeni spektrda gücləndirməsinə yeni imkanlar yaradacaq. 

        Qeyd edək ki, hazırda BMT-nin Qlobal Saziş 160-dan çox ölkədən, 14 000-dən çox şirkətin təmsil olunduğu dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişi bizneslərə yerli, regional və qlobal səviyyədə əlaqə qurmağa, təmsil olunmağa və tanınmağa imkanlar yaradaraq onların  təchizat zəncirlərini genişləndirir, innovasiya və sənaye sahələrində irəliləyişlər əldə etməsinə yaxından kömək edir.