Xəbərlər
28 YANVAR / 2022 / 15:08
“Euroports Group”-un rəhbərliyi Bakı Limanına əməkdaşlıq üçün səfər edib
Avropanın ən böyük özəl liman operatoru şirkətlərindən olan “Euroports Group”-un rəhbərliyi Bakı Limanına əməkdaşlıq üçün səfər edib.
“Euroports group”-un baş icraçı direktoru Frederic Platininin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 yanvar 2022-ci il tarixində Bakı Limanında işgüzar səfərdə olub. Nümayəndə heyətində “Euroports Group”-un tərəfdaşı olduğu və Bakı Limanı ilə yaxından əməkdaşlıq edən Böyük Britaniyanın nüfuzlu “Nectar Group Limited” şirkətinin rəsmi nümayəndələri də təmsil olunurdu.
Səfər zamanı, Bakı Limanın Ələt ofisində təşkil olunan görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov limanın tarixi, keçdiyi inkişaf yolu, regionun logistika və nəqliyyat üzrə ən müasir mərkəzi olmaq strategiyası ilə aparılan fəaliyyətləri, əldə edilən uğurlar və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib.
“Euroports Group”-un baş icraçı direktoru Avropa dəniz limanlarının Avrasiya regionunda mövcud olan limanlarla işgüzar əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını və xüsusilə, regional nəqliyyat dəhlizində mərkəz rolunu oynayan Bakı Limanı ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra nümayəndə heyəti Bakı Limanının “Əsas yük”, “Konteyner”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara körpüdə gözləyən gəmi-bərələrin texniki imkanları və limanda operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalarla bağlı məlumat verilib. Bununla yanaşı, nümayəndə heyəti limanın müvafiq departamentlərinin əməkdaşları ilə görüşərək interaktiv müzakirə və təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, “Euroports Group” Avropa və Çindəki limanlarda 32 terminalı idarə edən, illik yükaşırma qabiliyyəti 60 milyon tondan çox olan və 5 milyon tona yaxın saxlama anbarı olan ən böyük özəl liman operatoru şirkətlərindən biridir.
Bakı Limanı şəffaflıq müasirlik və nümunəvilik dəyərlərinə sadiq olaraq müasir dünyanın ən qabaqcıl təcrübələrini öyrənməyi və iş prosesində tətbiq etməyi hədəfləyir.
Digər xəbərlər
11 IYUN / 2024 / 11:12
10-11 iyun tarixlərində Bakı Limanı, ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə, COP29 ərəfəsində keçirilən Xəzərin Mavi Üfüqləri adlı seminarın 2-ci günü uğurla başa çatdı
06 FEVRAL / 2021 / 17:22
Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb