Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Davamlı məqsədlər və hesabat

 “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (Bakı Limanı) 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair imzaladığı sərəncamda əksini tapan beş Milli Prioriteti əsas götürərək uzunmüddətli, davamlı və sürətli inkişaf üçün töhfə vermişdir. Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq,eyni zamanda 1-ci prioritet olan dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafına dəstək vermək və 5-ci prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq məqsədilə Bakı Limanında bir sıra işlər görülmüşdür.

2022-ci ildə Bakı Limanı ətraf mühitin mühafizəsini daha da gücləndirmək məqsədilə Dövlət Dəniz və Liman Agentliyinin təşəbbüsü ilə irəli sürülmüş “Yaşıl Səfər” layihəsi çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübəsini bölüşməyə başlamışdır. “Yaşıl Səfər 2050” layihəsi ilkin strategiya ilə müəyyənləşdirilmiş və dənizçilik sahəsində zərərli qazların emissiyasının azaldılmasına töhfə verən texnoloji innovasiyaların tətbiqinin təşviqi, bu sahədə normativ tənzimləmə üzrə yeniliklərin tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi, alternativ yanacaq və ya enerji resurslarının müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədini daşıyır.

İqlim dəyişmələri təhlükəsinə qarşı cavab tədbirlərindən biri kimi “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılması üzrə Milli Tədbirlər Planı”nın hazırlanması Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatının (BMT) “13-cü - İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görmək” və “14-cü - Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək” kimi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcəkdir.

2022-ci ilin dekabr ayında  Bakı Limanı BMT-nin Qlobal Sazişinə üzv qəbul olunmuşdur. Hazırda 18 dəniz limanı və liman idarəçiliyi şirkətini bir araya gətirən bu sazişə Bakı Limanının da qoşulması barədə qərar BMT Baş katibinin müavini və BMT-nin Qlobal Sazişinin icraçı direktoru xanım Sanda Ojiambonın Bakı Limanına ünvanladığı məktubla elan edilmişdir. Məktubda xanım Ojiambo Bakı Limanını Qlobal Sazişə qəbul edilməsi münasibətilə təbrik etmiş, həmçinin Bakı Limanının BMT-nin Qlobal Sazişinin universal prinsipini qəbul edərək qlobal iqtisadiyyata, DİM-ə töhfə vermək üçün həyata keçirdiyi fəaliyyətlərə BMT sisteminin dəstəyini vurğulamışdır.

Regionun logistika və nəqliyyat qovşağı olan Bakı Limanı öz əməliyyat prinsiplərini DİM prinsiplərinə uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır. Limanın strateji fəaliyyətləri 17 DİM-dən 11-nə töhfə vermək məqsədi daşıyır. Bütün bu fəaliyyətlər  Bakı Limanının missiya və icra planlarına öncədən daxil edilib.

BMT-nin Qlobal Sazişinə qoşulmamışdan əvvəl Bakı Limanının rəqəmsallaşma, əməliyyat səmərəliliyi və davamlı inkişaf üçün nümunəvi həllərin həyata keçirilməsində əldə etdiyi nailiyyətlər müxtəlif tanınmış beynəlxalq qurumlar tərəfindən də dəstəklənmişdir. Xüsusən də, Bakı Limanı regionda “Sıfır Emissiyalı 2035 İqlim Dəyişikliyi Fəaliyyət Planı”nı hazırlayan ilk limandır (EcoPort). Liman 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının “EcoPorts sertifikatı”na layiq görülmüş, 2021-ci ildə isə “EcoPorts sertifikatı” yenidən ratifikasiya edilmişdir.

Bakı Limanının bu cür yaşıl təşəbbüsləri Xəzər regionunun limanları arasında ekoloji maarifləndirməni təşviq edir və Azərbaycanın davamlı inkişaf hədəflərinə daha tez çatmasına dəstək olur. Bakı Limanı BMT-nin Qlobal Sazişinə qoşulmaqla beynəlxalq dəhlizləri yaşıl, davamlı, dayanıqlı etmək, bu istiqamətlərdə strategiya və fəaliyyətləri müəyyən etmək üçün BMT-nin ixtisaslaşmış qurumları ilə daha sıx əməkdaşlıq edəcək. Bu təşəbbüs Bakı Limanının qlobal əlaqələrini yeni spektrdə gücləndirməsinə yeni imkanlar yaradacaq.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi hazırda 160-dan çox ölkədən 14 000-dən çox şirkətin təmsil olunduğu dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişi bizneslərə yerli, regional və qlobal səviyyədə əlaqə qurmağa, təmsil olunmağa və tanınmağa imkanlar yaradaraq onların  təchizat zəncirlərini genişləndirir, innovasiya və sənaye sahələrində irəliləyişlər əldə etməsinə yaxından kömək edir.