Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

15 YANVAR / 2021 / 17:24

Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

 

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

 

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.

 

Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.

 

Həmçinin, Prezident İlham Əliyev Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydu.

 

Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

 

Prezident İlham Əliyev dedi:

 

- Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

 

Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.

 

Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

 

Qarabağ Azərbaycandır!

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.

 

Sonra dövlətimizin başçısı hərbçilərlə görüşdü.

 

Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar.

 

Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Sonralar həmin ərazidə at yarışları, çövkən oyunları keçirildiyinə görə bu ərazini Cıdır düzü adlandırıblar.

 

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Rayon İcra Hakimiyyətinin binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış oldular.

 

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular. 

 

Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.

 

1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.