Xəbərlər
11 IYUN / 2021 / 17:10
Bakı Limanı və Batumi Gübrə Multimodal Terminalı Orta Asiyadan gübrə tranzitinə dair Anlaşma Memorandumu imzalayıb
Bakı Limanı və Batumi Gübrə Multimodal Terminalı Orta Asiyadan gübrə tranzitinə dair Anlaşma Memorandumu imzalayıb
(Batumi, 11 iyun, 2021) - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Batumi Multimodal Gübrə Terminalını idarə edən “Wondernet Express Investment Qroup” və ABŞ-ın Trammo şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, hər üç qurum Orta Asiyadan ixrac olunan karbamid, kükürd və sair gübrələrin daşınmasında operativliyi təmin edəcəklər.
Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialını daha da artırmaq məqsədilə Mərkəzi Asiyadan karbamid, kükürd və digər məhsulların ixracını sürətləndirmək üçün nəqliyyat, logistika və informasiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Həmçinin Bakı Limanında inşa olunan Gübrə Terminalı ilə bu gün Batumidə istismara verilən Gübrə Multimodal Terminalı arasında yük və vaqonlar haqqında məlumatların dəqiq ötürülməsi üçün rəqəmsal əlaqənin yaradılması qərara alınıb.
Üç təşkilat arasında imzalanmış sənəd regionda ticarət və logistika sahəsində dəyişən tendensiyalara tam cavab verir. Ümumilikdə Mərkəzi Asiyada Türkmənistan, Özbəkistan və Qazaxıstanın illik gübrə istehsalı 6,6 milyon tondan çoxdur. Təkcə Türkmənistanda Xəzər dənizinin şərq sahilində istifadəyə verilmiş "Qaraboğaz" gübrə zavodu 1,2 milyon tondan çox karbamid istehsal edir, onun da 90% - dən çoxu ixrac olunur.
Bakı Limanının inşa etdirdiyi Gübrə Terminalı və Batumi limanında açılışı olan Multimodal Gübrə Terminalı ildə təxminən 2,5 milyon ton yük aşırmaq potensialına malik olacaq ki, bu da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların artmasına ciddi təsir göstərəcəkdir.
Anlaşma Memorandumunu Bakı Limanının Liman Əməliyyatları Departamentinin müdiri Yucin Seah, Batumi Multimodal Gübrə Terminalın Baş direktoru Mamuka Murjikneli və Trammo şirkətinin prezidenti Edvard Vayner imzalayıblar.
Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov və “Wondernet Express Investment Group”un təsisçisi Dimitri Abdushelishvili də iştirak ediblər. Xatırladaq ki, imzalanma mərasimi Batumi Multimodal Gübrə Terminalının açılışı zamanı baş tutub və qeyd olunan tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natiya Turnava, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, iyun ayının 9-da Bakı Limanında Gübrə Terminalının inşasına dair məlumat verilmişdir. Gələn ilin sonuna qədər istifadəyə veriləcək terminalda ildə 2,5 milyon ton gübrənin aşırılması mümkün olacaqdır.
Digər xəbərlər