Xəbərlər
14 IYUN / 2023 / 09:20
Bakı Limanı tərəfindən Ələt qəsəbəsində inşa edilən “Ələt Eko Park" ın açılışı olub
Qaradağ rayonun Ələt qəsəbəsində “Heydər Əliyev İli” çərçivəsində və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə inşa edilən park qəsəbə sakinlərinin ixtiyarına verilib. “Ələt Eko Park”-ı Şəhid Eduard İmanov küçəsi 23 ünvanında yerləşir. Parkın ərazisi 1176 kvadrat metrdir. Burada bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onların sistematik idmanla məşğul olmaları üçün futbol meydançası, müxtəlif idman qurğuları, oyun meydançaları salınıb.
Ərazinin işıqlandırılması üçün 10 ədəd günəş panelli quraşdırılıb, 2 ədəd söhbətgah inşa edilir. Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilənib. Parka qazon, tamet daşı vurulub, yeni bardür inşa olunub və 162 metr uzunluğunda velosiped zolağı salınıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib. Qaradağ RİH-nin dəstəyi ilə hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib.
Parkın açılışında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) “Ətraf mühit, sosial və korporativ idarəetmə proqramı” çərçivəsində Qaradağ rayonunun Ələt qəsəbəsində müxtəlif sosial layihələr və tədbirlər icra edir. Ətraf mühitin mühafizəsi regionun ilk “Yaşıl Liman” statusu alan Bakı Limanı üçün önəmli vəzifələrdən biridir.
Digər xəbərlər
20 OKTYABR / 2023 / 13:49
Bu ilin 18-19 oktyabr tarixlərində Bakı Limanının əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah Amsterdam Limanına və TMA Logistics Şirkətinin Amsterdam terminalına səfər edib.
27 SENTYABR / 2024 / 11:34
Bakı Limanının bir qrup əməkdaşı 27 Sentyabr – Anım Günündə Şəhidlərimizin əziz xatirəsini yad edib